Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!

Vagimix

Vagimix

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VAGİMİKS    vaginal pessarilər
VAGIMIX
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole + Miconazole nitrate + Polymyxin sulphate + Neomycin + Centella Asiatica
Tərkibi
Təsiredici maddə: 1 pessarinin tərkibində 400 mq metronidazol, 100 mq  mikonazol  nitrat, 45     mq neomisinə ekvivalent neomisin sulfat, 5 mq polimiksin sulfat, 15 mq Asiya sentellası vardır.
Köməkçi maddələr:kolloidal silisium dioksid, Vitepsol H-15.
Təsviri
Açıq-qəhvəyidən qəhvəyi rəngə qədər dəyişən güllə formalı pessarilərdir.
Farmakoterapevtik qrupu
Kombinəedilmiş infeksiyaəleyhinə və antiseptik vaginal dərman maddələri (kortikosteroidlər istisna olmaqla). İmidazol törəmələri.
ATC kodu: G01AF20.
Farmakoloji xüsusiyyətləri
Bu dərman vasitəsinin tərkibini vulvovaginal-ginekoloji xəstəliklərin müalicəsi üçün istifadə olunan göbələk- və mikrobəleyhinə təsir göstərən aktiv maddələrin kombinasiyası təşkil edir.
Bu dərman vasitəsinin tərkibində, həmçinin uşaqlıq yolunun epitelinə regenerasiyaedici və bərpaedici təsiri olan Asiya sentellası (Centella Asiatica) vardır.
İstifadəsinə göstərişlər
Neomisin və ya polimiksinə həssas mikrobların törətdiyi superinfeksiyanın ehtimal edildiyi vulvovaginal mikozların, trixomonad vaginitinin və qeyri-spesifik vaginitin yerli müalicəsi.
Əks göstərişlər
Bu dərman vasitəsinin hər hansı bir komponentinə qarşı məlum olan yüksək həssaslıq.
Hamiləliyin birinci trimestri.
Ağır qaraciyər çatışmazlığı.
Mərkəzi sinir sisteminin xəstəlikləri.
Hematoloji xəstəliklər
Diafraqma və ya lateks prezervativlərin istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu dərman vasitəsinin istifadəsi cinsi yolla ötürülən xəstəliklərin yayılma riskini aradan qaldırmır. Hamiləlik planlaşdırıldığı təqdirdə, mayalanma prosesinə təsir etdiyi üçün istifadə edilməməlidir. Cinsi aktdan əvvəl istifadə olunmamalıdır.
Ataksiya, başgicəllənmə və ya zehni çaşqınlıq halında müalicə dayandırılmalıdır. Anamnezdə hematoloji pozğunluqlar olduqda leykosit göstəricilərinə nəzarət edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bu dərman vasitəsinin təsiredici maddələrinin yerli istifadəsi ilə sistemik absorbsiya nisbəti çox aşağı olsa da, antikoaqulyantlar, sulfonamid dərman vasitələri, hipoqlikemik agentlər, fenitoin və astemizol ilə mümkün qarşılıqlı təsiri nəzərə alınmalıdır.
Müalicə zamanı alkoqollu içkilərin qəbulu və ya varfarin, disulfiram və kumarin qəbulu tövsiyə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərman vasitəsi hamiləlik və laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlum deyil.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza 7-10 gün ərzində gündə 1 pessaridir. Gecə yatmazdan əvvəl bir pessari uşaqlıq yoluna dərinə yeridilməlidir.
İstifadə yolu
Vaginal istifadə üçün.
1. Peroral yolla qəbul edilməməlidir. Yalnız vaginal istifadə üçün nəzərdə tutulmuşdur.
2. Blisterdən  bir pessarini ayırın. Örtüyü sivri ucundan aşağıya doğru soyun.
3. Uşaqlıq yoluna yerləşdirməyə hazırlamaq üçün pessarini baş və işarət barmağınızla tutun.
4. Pessarini bədənə iki yoldan biri ilə yerləşdirərkən uşaqlıq yoluna yumşaq bir şəkildə daxil edin: dizi əyilmiş vəziyyətdə dayanmaq və ya hər iki dizi əyilmiş vəziyyətdə yatmaq.
5. Ayaqları bir araya gətirərək, pessarinin çölə çıxmaması üçün ən azı 5 dəqiqə bir tərəfiniz üzərində uzanın. İstifadə olunmuş materialı atın və əllərinizi sabun və su ilə yaxşıca yuyun.
Əlavə təsirləri
Pasiyentlərin kiçik bir hissəsində vaginal yanma və ya qaşınma hissi, həzm pozğunluqları, ürəkbulanma, ağız boşluğunda metal dadı hissi, anoreksiya, qusma və ishal baş verə bilər.
Doza həddinin aşılması
Vaginal olaraq və göstərilən dozada istifadə edildikdə, doza həddinin aşılması riski yoxdur. Doza həddinin aşılması halında ən yaxın xəstəxanaya müraciət edilməlidir.
Buraxılış forması
6 pessari blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
 Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Meridian Enterprises Pvt. Ltd., India.
1108, Embassy Centre, Nariman Point, Mumbai 400021- Maharashtra, India.