Düzgün seçim, Uğurlu müalicə, Sağlam gələcək!
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KSEMİN kapsullar
KSEMIN
Beynəlxalq patentləşdirilməmiş adı: Doxycycline
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 115,414 mq doksisiklin hiklat (100 mq doksisiklinə ekvivalent) vardır.
Köməkçi maddələr: natrium laurilsulfat, qarğıdalı nişastası, laktoza monohidrat, maqnezium stearat.
Kapsulun örtüyü: eritrozin, indiqokarmin, tartrazin, titan dioksid, jelatin.
Təsviri
Bir tərəfi qırmızı-qəhvəyi, digər tərəfi sarı rəngli jelatin kapsullardır, möhtəviyyatı sarı tozşəkilli maddədən ibarətdir.
Farmakoterapevtik qrupu
Tetrasiklin qrupu antibiotiki.
ATC kodu: J01AA02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Oksitetrasiklinin yarımsintetik törəməsi olub, geniş təsir spektrinə malik antibiotikdir. Doksisiklinin bakteriostatik təsir mexanizmi RNT sintezini inhibə etməsindən ibarətdir. Qram(+) və Qram(-) mikroorqanizmlərə, həmçinin Streptococcus spp. (həmçinin Streptococcus рneumoniae), Staphylococcus spp. (həmçinin Staphylococcus aureus, Staphylococcus epidermidis), Propionibacterium acnes, Listeria spp., Bacillus anthracis, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae, Brucella spp., Mycoplasma spp., Clostridium spp., Escherichia coli, Shigella spp., Salmonella spp., Listeria, Spirocheta, E.hystolica, Yersinia pestis, Vibrio spp., Francisella tularensis, Enterobacter, Klebsiella spp., Bacteroides spp., Chlamydia spp., Rickettsia, Ureaplasma kimi törədicilərə qarşı aktivdir. Proteus, Pseudomonas spp., Serratia, Providencia, Enterococci kimi törədicilərə qarşı daha zəif təsirə malikdir.
İbtidailərə qarşı (malyariya, amöb) aktivliyə malikdir. Haemophilus influenzae və hüceyrədaxili törədicilərə qarşı yüksək həssaslıq göstərir. Mikoplazma etiologiyalı pnevmoniya və kəskin bronxitlərdə yüksək effektivliyə malikdir.
Yaşlı xəstələrdə Escherichia bakteriyasının törətdiyi kəskin prostatit və sidik yollarının infeksiyalarının empirik müalicəsində effekt göstərir.
Farmakokinetikası
Preparat peroral qəbul zamanı yüksək biomənimsənilmə ilə (90-100%) səciyyələnir. Qida və ya süd məhsullarının qəbulu dərman vasitəsinin sorulmasını 20%-ə qədər azalda bilər ki, bu da klinik əhəmiyyət kəsb etmir. Toxuma baryerlərindən yaxşı keçir, parenximatoz orqanlarda, sümükdə, bağırsaqların selikli qişasında, plevra və sinovial mayedə kifayət miqdarda toplanır. Eyni zamanda, serebrospinal mayedə, göz yaşında, ağız suyunda və dəridə aşağı konsentrasiyada aşkar edilir. Preparat hüceyrələrin daxilinə keçməklə, hüceyrədaxili mikroorqanizmlərə təsir göstərmək qabiliyyətinə malikdir. Dərman vasitəsinin orqanizmdən xaric olması böyrəklərin ekskretor funksiyasından asılı deyil.
İstifadəsinə göstərişlər
Pnevmoniya və xronik bronxit daxil olmaqla, tənəffüs yollarının infeksiyaları;
Sidik yollarının infeksiyaları: xlamidiya, mikoplazma və rikketsiya; prostatit; genital limfoqranulematoz;
Çanaq orqanlarının iltihabı;
Laym xəstəliyi;
Brusellyoz (rifampisinlə birlikdə);
Leptospiroz;
Tsusuqamuşi (rikketsioz) və səyahətçilərin ishalı;
Ornitoz;
Vəba;
Melioidoz;
Taun;
Sibir xorası;
Ku-qızdırması
Malyariya.
Əks göstərişləri
Doksisiklinə və ya Ksemin preparatının hər hansı bir komponentinə qarşı allergiya
8 yaşa qədər uşaqlar
Ağır qaraciyər çatışmazlığı
Hamiləlik
Laktasiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kseminin istifadəsi zamanı və istifadəsindən sonra uzun sürən və qanlı diareya müşahidə olunarsa, bu həyat üçün təhlükəli psevdomembranoz kolitin əlaməti ola bilər.
Ksemin qəbulu zamanı günəş şüalarına qarşı həssaslıq qeydə alınmışdır (məsələn, dərinin qızarması, günəş şüası yanıqları).
Doksisiklinə qarşı davamlı mikroorqanizmlərə yoluxma halları ola bilər (bunlardan bakteriyalar və göbələklər).
Əgər sizdə A qrup streptokok infeksiyası varsa ən azı 10 günlük müalicə kursu tələb olunacaq.
Sifilis və ya digər cinsi yolla yayılan infeksiyanın olma şübhəsi varsa həkiminizə məlumat verin.
Malyariyanın müalicəsi zamanı nəzərdə saxlamaq lazımdır ki, malyariya ağcaqanadların vasitəsilə digər regionlara da yayıla bilər.
Preparatın qəbulu zamanı disfagiya əlaməti meydana gələ bilər, bu yerli qıcıqlandırıcı təsirin sayəsində qida borusunun zədələnməsi nəticəsində baş verir.
Hər hansı qan xəstəliyiniz varsa (məs., porfiriya), miasteniya (əzələ zəifliyi) və birləşdirici toxumanın sistem xəstəlikləri (məs., qırmızı qurdeşənəyi) kimi xəstəliklərdən əziyyət çəkirsinizsə bu haqda həkimə məlumat verin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Ksemin preparatını adları aşağıda qeyd olunmuş preparatlarla birlikdə qəbul etmək olmaz:
Penisillin antibiotikləri.
Alüminium, kalsium və maqnezium tərkibli antasidlər (mədə xəstəliklərinin müalicəsi üçün istifadə olunan preparatlar).
Mədənin qorunması üçün istifadə olunan bismut, sukralfat.
Tərkibində dəmir və sink olan preparatlar.
Antikoaqulyantlar, məsələn varfarin.
Fenobarbital, karbamazepin, fenitoin və primidon (epilepsiyanın müalicəsində istifadə olunan preparatlar).
Diazepam (yuxugətirici preparatlar).
Takrolimus və siklosporin (orqan transplantasiyası zamanı istifadə olunan preparatlar).
Kalsium kanalı blokatorları.
Sildenafil (cinsi zəifliyin müalicəsində istifadə olunan preparat).
Peroral kontraseptivlər (hamiləliyə qarşı istifadə olunan preparatlar).
Metoksifluran (anesteziya üçün istifadə olunan preparat).
Alkoqol.
Adları yuxarıda qeyd olunan preparatlardan hər hansı birini qəbul edirsinizsə bu haqda həkiminizə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ksemin dişlərin və sümüklərin inkişafını ləngidir, buna görə hamiləlik zamanı preparatı istifadə etmək əks göstərişdir. Həmçinin, laktasiya dövründə preparatı qəbul etmək olmaz. Əgər Siz Ksemin qəbul edirsinizsə, südverməni dayandırmalısınız.
Pediatriyada istifadəsi
8 yaşa qədər uşaqlarda istifadə olunmur. Dişlərin və sümüklərin inkişafını ləngidə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kseminin nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri məlum deyil.
İstifadə qaydası və dozası
Ksemin bol su ilə qəbul olunur. Qəbul etdikdən sonra 30 dəqiqə ərzində uzanmaq məsləhət görülmür.
İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq doza həkim tərəfindən təyin olunur. Böyüklərə: birinci gün 200 mq dozada, sonra isə 100 mq gündəlik dozada, ağır infeksiyalar zamanı 200 mq gündəlik dozada daxilə təyin edilir. Müalicə müddəti adətən 10 gün təşkil edir.
Müxtəlif infeksion xəstəliklərdə dozalanması aşağıda qeyd olunmuşdur:
Akne və sızanaqların müalicəsində 50 mq gündə 1 dəfə, müalicə müddəti 6-12 həftə.
Zöhrəvi xəstəliklərin müalicəsində 100 mq gündə 2 dəfə, müalicə müddəti 7-10 gün.
Sifilisin müalicəsində bir neçə qəbula bölünməklə sutkalıq 300 mq.
Bitlər və birələr vasitəsilə yayılan residiv verən qızdırma zamanı 100 və ya 200 mq birdəfəlik dozada daxilə təyin edilir.
Malyariyanın müalicəsində gündəlik 200 mq, müalicə müddəti 7 gün.
Vəbanın müalicəsində 200 mq həftədə 1 dəfə.
Səyahətçi diarreyasının profilaktikası: 200 mq səyahətin birinci günü, sonrakı 3 həftə ərzində gündəlik 100 mq.
Leptospirozun profilaktikası: yoluxma zonasında həftədə 1 dəfə 200 mq; səyahət bitdikdən sonra 200 mq. 3 həftədən artıq istifadə etmək olmaz.
12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Doksisiklin sümük və dişlərdə kalsiumun həll olunmayan komplekslərini yarada bilər. Bu preparatların dişlərin inkişafı dövründə (hamiləliyin ikinci yarısında, körpələrdə və kiçik yaşlı uşaqlarda) istifadəsi dişlərin piqmentasiyasına (qəhvəyi-sarı) səbəb ola bilər.
Yeniyetmələrdə (>45kq) isə istifadəsi böyüklərdə olduğu kimidir.
Ağır qaraciyər çatışmazlığında əks göstərişdir.
Doksisklinin yüksək dozalarda və iki həftədən artıq tətbiqi qaraciyər patologiyalarına səbəb ola bilər və buna görə bu preparatın təyini müddətində monitorinq aparılmalı, eləcə də qeyri-normal reaksiyalar baş verdiyi halda müalicə dayandırılmalıdır.
Böyrək funksiyaları dəyişikliyə məruz qalmış xəstələrdə Doksisiklinin ekskresiyası dəyişikliksiz qalır. Bununla belə bu xəstələrdə məsləhətdir ki, müalicə ehtiyatla aparılsın və lazım gəldikdə doza azaldılaraq tənzimlənsin.
Böyrək çatışmazlığı olan xəstələrdə Doksisiklinin adəti dozalarda təyini qanda miqdarının artmasına və qaraciyərin zədələnməsinin mümkünlüyünə aparıb çıxara bilər. Böyrək funksiyalarının səviyyəsini nəzərə alaraq, dozaların tənzimlənməsi məsləhət görülür və qan testləri (səviyyəsi 15 mq/ml-dən heç vaxt çox olmamalıdır), eləcə də qaraciyərin funksiyalarına görə testlər aparmaq lazımdır. Onu da yadda saxlamaq lazımdır ki, Doksisiklin antianabolik təsir göstərə bilir ki, bu da nəticədə zədələnmiş böyrəyin funksiyalarını bir qədər də pisləşdirə bilər.
Əgər siz Ksemin preparatını qəbul etməyi unutmusunuzsa, bunu xatırlayanda növbəti dozanı qəbul edin. İkiqat doza qəbul etmək olmaz.
Ksemin preparatının qəbulunu dayandırmısınızsa, bu haqda həkiminizə məlumat verin, çünki antibiotiklərdən qeyri-düzgün istifadə daha davamlı infeksiyaların yaranmasına və infeksion prosesin əlamətlərinin saxlanmasına səbəb ola bilər.
Əlavə təsirləri
İstənilən digər preparatlar kimi Ksemin ona qarşı yüksək həssaslığa malik pasiyentlərdə əlavə təsirlər yarada bilər.
Aşağıda qeyd olunan əlavə təsirlərdən hər hansı birinə rast gəlsəniz, Kseminin qəbulunu dayandırın və təcili olaraq yaxınlıqdakı xəstəxanaya və ya həkimə təcili yardım üçün müraciət edin:
Qəfləti boğulma hissi, tənəffüsün çətinləşməsi, üzün, dodaqların və boğazın şişməsi; bu ağır allergik reaksiyanın əlamətləri ola bilər.
Dəridə qanlı suluqların və qabıqlanan qabarcıqların olması.
Ciddi dəri yanıqlarının olması;
Qeyd olunan bu əlavə təsirlərə çox nadir hallarda rast gəlinir.
Tez-tez hallarda rast gəlinən əlavə təsirlər
Fotohəssaslıq reaksiyaları, səpgi, ürəkbulanma, qusma, dispepsiya, baş ağrısı, vaginal infeksiya.
Çox nadir hallarda rast gəlinən əlavə təsirlər
Qanaxma, bədən temperaturunun qalxması, infeksion xəstəliyin baş qaldırması (qan hüceyrələri olan leykositlərin və trombositlərin bölünərək çoxalmasının pozulması nəticəsində baş verir).
Porfiriya (anemiya, qarında ağrı, dərinin işığa həssaslığının artması).
Qan analizində anomaliyalar və ya sarılıq qaraciyərin funksiyalarının ağır dərəcəli pozulmasının göstəricisi ola bilər.
Psevdomembranoz kolit (ağır, uzun sürən və qanlı ishal, mədə ağrıları və qıcolmalar).
Disfagiya, döş sümüyü arxasında ağrı və yanğı hissi (qida borusunun zədələnməsi).
Uşaqlıq yolunda qaşınma, ifrazat və kandidoz və ya digər infeksiyalar, məsələn ağızın və dilin infeksiyalaşması.
Qırmızı qurdeşənəyi xəstəliyinin kəskinləşməsi.
Nadir rast gəlinən əlavə təsirlər
Baş ağrısı
Görmənin dumanlanması və pozulması
Qulaqlarda küy
Qarında ağrılar
İştahanın itməsi
Ürəkbulanma
Mədə qıcqırması
Diareya
Dişlərin rənginin dəyişilməsi
Əzələlərdə və oynaqlarda ağrılar
Qanda sidik cövhərinin miqdarının müvəqqəti dəyişilməsi
Doza həddinin aşılması
Əgər doza həddini aşmısınızsa, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Doza həddinin aşılması zamanı ürəkbulanma, iştahanın itməsi və diareya ola bilər. Bu zaman mədənin yuyulması və digər zəruri tədbirlər aparılmalıdır.
Buraxılış forması
14 kapsul, blisterdə. 1 blister, içlik vərəqi ilə birlikdə karton qutuda qablaşdırılıb.
Saxlanma şəraiti
25oC-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Deva Holding A.Ş., Turkey.
Çerkezköy Organize Sanayi Bölgesi, Karaağaç Mah., Atatürk Cad., No.: 32 Kapaklı-Tekirdağ, Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Deva Holding A.Ş., Turkey.
Halkalı Merkez Mah. Basın Ekspres Cad. No:1 34303 Küçükçekmece İstanbul, Turkey.
Məhsulun və əmtəə nişanının sahibi
Novator Pharma LLP, United Kingdom.
Office 307, Regico Offices the Old Bank 153 the Parade high street Watford, United Kingdom.
HTML Email Signature Tool